Rəqəmsal Söhbətlərinizi məxfi saxlayın

An illustration of two people inside the two phone screens conversing.

Rəqəmsal söhbətlər gündəlik və iş həyatımızın vacib hissəsinə çevrilib. Biz WhatsApp və ya Skype vasitəsilə dostlarımız və ailəmizlə zəngləşirik, sinif yoldaşlarımızla Facebook mesencerdə danışırıq və şəxsi, məktəb və ya iş hesablarımızdan elektron məktublar göndəririk. Mobil telefonumuzdan insanlara mesaj yazırıq və onlayn müzakirə panellərində yad insanlarla mübahisə edirik.

Bütün bu söhbətlər müxtəlif ruterlər, serverlər və kabellər vasitəsilə mürəkkəb infrastrukturdan keçir. Müxtəlif insanlar və ya təşkilatlar – yarı həvəskar hakerlərdən tutmuş ən müasir texnologiya ilə təchiz edilmiş internet xidmət təminatçılarına qədər – istənilən nöqtədə bu söhbətləri görə bilərlər. Hansı rəqəmsal kommunikasiya texnologiyasından istifadə etməyinizdən asılı olmayaraq, aşağıda sadalanan əsas məsləhətlər onlayn söhbətlərinizi gizli və təhlükəsiz saxlamağa kömək edə bilər.

1. Şifrələnmiş və açıq mənbəli kanallardan istifadə edin

Bazarda müxtəlif e-poçt xidmətləri, mesajlaşma tətbiqləri mövcud olmasına baxmayaraq, onların hamısı söhbətləri məxfi və təhlükəsiz saxlamaqda uğurlu deyil.

Əgər söhbətlərinizi yalnız qarşı tərəflə özünüz arasında saxlamaq istəyirsinizsə, başdan sona şifrələmə təklif edən tətbiqlərdən və xidmətlərdən istifadə edin. Yuxarıda qeyd edildiyi kimi, sizin rəqəmsal söhbətləriniz mürəkkəb infrastrukturdan keçir və onlara müxtəlif mənqətələrdə fərqli kiber aktyorlar müdaxilə edə bilər. Söhbətlərinizi qorumağın ən etibarlı yolu cihazınızdan çıxan hər şeyi şifrələyən (mürəkkəb koda çevirən) və qarşı tərəfin cihazına çatmayınca onları deşifrə etməyən xidmətlərdən istifadə etməkdir. Əgər şifrələnmiş elektron məktub və ya zəng onu qəbul edən tərəfə çatmamış müəyyən bir yerdə kəsilərsə, onu kəsən şəxslər ancaq mənasız simvollar xətti görəcəklər.

Həmçinin siz özəl kommersiya məhsulu əvəzinə açıq mənbəli tətbiqləri seçməlisiniz. Proqram təminatının kodu onu görmək istəyən hər kəs üçün əlçatandırsa, açıq mənbəli sayılır. Bu o deməkdir ki, müstəqil ekspertlər və texnologiya üzrə səriştəli istifadəçilər tətbiqi tərtib edən kodu yoxlaya, ondakı zəiflikləri aşkar edə və aradan qaldıra və tətbiqin məlumatı tam qoruyub qorumamasını görə bilər.

ProtonMail e-poçt yazışmalarınızı qoruyan pulsuz, açıq mənbəli və başdan sona şifrəli e-poçt xidməti təklif edir. Pulsuz və açıq mənbəli mesencer tətbiqləri arasında, Wire və Signal bazarda mövcud olan ən təhlükəsiz, pulsuz, başdan sona şifrəli seçimlərdir. Telegram hesabınız varsa, Gizli söhbətlər (adi Telegram söhbətləri başdan ayağa şifrələnməyib) seçdiyinizdən əmin olun.

2. Cihazlarınızı qoruyun

Başdan sona şifrəli xidmət söhbətlərinizi siz və qarşı tərəf arasındakı yolda oxunmaqdan qoruyursa, rəqəmsal kommunikasiyanın kəsilməsinin və ya sizin və ya qarşı tərəfin cihazında nəzarət edilməsinin qarşısını ala bilmir. Məsələn, cihazınızı diqqətsiz qoyarkən və ya ekran kilidləməsini aktivləşdirmədən itirərsinizsə, bu baş verə bilər. Cihazınız zərərli proqrama yoluxan zaman da bu baş verə bilər. Cihazınızda virtual olaraq görünməz olan zərərli proqram digər zərərlərlə yanaşı, hər bir klaviatura basılmasını qeyd edə və kiməsə göndərə bilər.

Cihazlarınızdakı proqram təminatı və avadanlıqları daim yeniləyin. Qısa fəaliyyətsizlik müddətindən sonra cihazın avtomatik ekran kilidlənməsini aktiv edin. Desktop və noutbuklarınızda işlək antivirusun olmasını təmin edin. Cihazlarınızı qorumaq üçün nə edə biləcəyiniz haqqında daha ətraflı öyrənin (və söhbətlərinizin qorunmasını da təmin edin).

3. SMS -dən istifadə etməyin

İnsanların telefonlarında mətn mesajı mübadiləsi kimi istifadə etdikləri qısa mesajlaşma xidməti (SMS) köhnədir və etibarlı deyil. Birincisi, SMS mesajlar şifrələnməyib. Onları xüsusi modern alətlər olmadan belə qırmaq mümkündür. İkincisi, bu mesajlar göndərən və qəbul edəni ifşa edən metaməlumatlar daşıyır. Üçüncüsü, SMS mesajları saxtalaşdırmaq, yəni tanıdığınız şəxs tərəfindən göndərilmiş kimi qələmə vermək asandır. Beləliklə, SMS mesajların həqiqətən kim tərəfindən göndərildiyini heç vaxt dəqiq bilə bilməzsiniz. Nəhayət, mobil xidmət təminatçıları SMS mesajları və onların metaməlumatlarını uzunmüddət, bəzən isə həmişəlik saxlayır. Bu isə o deməkdir ki, söhbətləriniz xəbəriniz və ya icazəniz belə olmadan başqaları tərəfindən görülə bilər.

Əgər digərləri ilə mübadilə etdiyiniz mətn mesajlarını məxfi saxlamaq istəyirsinizsə, yuxarıda göstərdiyimiz başdan sona şifrələyən mesajlaşma tətbiqlərindən istifadə edin. Bu mümkün olmadıqda isə, SMS əsaslı mesajlaşmadansa, Android və ya Apple tərkibində olan məlumat əsaslı mesajlaşma sistemindən istifadə edin.

Apple cihazı

  • Apple cihazında iMessage funsiyasını ilkin mesajlaşma sistemi etmək üçün Parametrlər>MesajlariMessage aktiv edin. Bu parametr aktiv olduğu zaman, iPhone, iPad və ya Mac istifadə etməklə mətnləri, video və audio faylları şifrəli əlaqə ilə digər insanlara göndərə bilərsiniz.

Android cihazı

  • Bir çox yeni Android cihazları Mesajlar, Google məlumat əsaslı mesajlaşma tətbiqləri ilə təqdim edilir. Əgər Android cihazınızda Messages tətbiqi yoxdursa, onu Play Store-dan yükləyin. Messages tətbiqini sizin ilkin mesajlaşma tətbiqi təyin etmək üçün Parametrlər>Tətbiqlər və bildirişlər>Qabaqcıl>İlkin tətbiqlər>SMS tətbiqləri seçin. Daha sonra Messages-i ilkin mesajlaşma tətbiqi kimi seçin.
  • Şifrəli mesajları Messages tətbiqi vasitəsilə göndərmək üçün çat funksiyasını aktiv etməlisiniz. Bunu etmək üçün cihazınızda Messages tətbiqini açın və yuxarı sağ küncdə üç şaquli nöqtəni basın. Parametrlər > Chat funskiyası seçin. Çat funksiyasını aktiv et yandırın.
  • Əgər Messages tətbiqi sizin ölkənizdə və ya cihazınızda mövcud deyilsə, yuxarıda sadaladığımız digər başdan sona şifrələmə təklif edən mesajlaşma tətbiqlərindən istifadə edin.

4. Köhnə mesajları silin

Cihazınızdakı mətn, fotoşəkil və video mesajlarınızı yad gözlərdən qorumağın bir yolu da köhnə mesajları müntəzəm olaraq silməkdir. Bunu etməklə, telefonunuz itərsə və oğurlanarsa (və ya kimsə məcburən cihazınızı açdırarsa), heç kimin sizin mesajlarınızı görməyəcəyindən əmin olursunuz. Köhnə mesajların sillinməsi həm də cihazınızda yer boşaldır.

Cihazınızda köhnə mesajların avtomatik silinməsini aktiv etmək yaxşı fikirdir. Təəssüf ki, bu seçim Android cihazlardakı Google Mesajlarda mövcud deyil. Əgər Android cihazından istifadə edirsinizsə, köhnə mesajları müntəzəm olaraq manual silməniz lazımdır.

iPhone və ya iPad-da köhnə mesajları avtomatik silməyə təyin etmək üçün Parametrlər>Mesajlar seçin. MESAJ TARİXİ etiketli bölməyə düşün və Mesajları saxla basın. Bir aydan köhnə mesajları silmək üçün 30 Gün seçin. Bu parametr aktiv olan zaman cihazınız bütün mesajları 30 gündən sonra avtomatik siləcək. Əgər mesajlarınızı 30 gündən əvvəl silmək istəyirsinizsə, bunu manual etməlisiniz.

Yadda saxlayın ki, mesajları öz cihazlarınızdan silməyiniz onların göndərdiyiniz insanların da cihazlarından silinməsini təmin etmir.

5. Yox olan (müddətli) mesajlardan istifadə edin

Bir çox mesajlaşma tətbiqi mesajların bir müddət sonra və ya qarşı tərəf tərəfindən görüldükdən sonra yox olmasına imkan verir. Bu mesajları cihazınız oğurlanarsa və ya itərsə (kimsə cihazınızı açmağa vadar edərsə), yad gözlərdən qoruyur. Bu mesajların göndərdiyiniz şəxsin cihazından da görülməsinin qarşısını alır.

Mətn mesajları, fotoşəkil və ya videolar göndərdiyiniz zaman yox olan (müddətli) mesajlardan istifadə etməyi ciddi düşünməlisiniz. Yadda saxlayın ki, mesajlarınızın müəyyən müddətdən və ya göndərilən şəxs tərəfindən görüldükdən sonra yox olmasını təyin etmək, şəxsin mesajların surətini çıxarmasının və öz cihazlarında saxlamasının qarşısını almır.

6. Güclü şifrələr və 2FA istifadə edin

Malik olduğunuz bütün e-poçt və mesajlaşma hesablarını qırılması çətin olan şifrə ilə qoruyun. Şifrə kiçik və böyük hərflər, rəqəm və xüsusi simvollar da daxil olmaqla, ən azı 12 işarədən ibarət olan zaman güclü hesab edilir. Bu işarələrin təsadüfi birləşməsi daha güclü şifrə formalaşdırır. Qırılması çətin olan şifrələri necə yaratmaq haqqında daha ətraflı oxuyun.

Malik olduğunuz hər bir hesab üçün unikal şifrədən istifadə edin. Müxtəlif hesablar üçün eyni və ya bənzər şifrələrin istifadəsinin nə üçün pis fikir olması haqqında daha ətraflı oxuyun. Çoxlu mürəkkəb və unikal şifrələrinizin olması sizi narahat etməsin – şifrələri xatırlamaq və onları saxlamaq üçün şifrə menecerindən istifadə edə bilərsiniz.

Təəssüf ki, hətta ən güclü şifrə belə oğurlana, bu və ya digər yolla sındırıla bilər. Buna görə də vacib onlayn hesablarınızı qorumaq üçün iki faktorlu təsdiqləmədən (2FA) istifadə etməyiniz lazımdır. 2FA aktivləşdirildikdə şifrə daxil etməkdən əlavə, ikinci identifikasiya təsdiqləmə də tələb edir.

2FA-dan istifadə etməyin ən təhlükəsiz yolu smartfonunuza müvəqqəti rəqəm kodlarını yaradan tətbiqi yükləməkdir. Sosial şəbəkə hesabına daxil olmaq üçün bu kodu şifrəni daxil etdikdən dərhal sonra daxil etmək lazımdır. Onlayn hesabları qorumaq üçün iki faktorlu təsdiqləmədən necə istifadə etmək haqqında daha ətraflı oxuyun.

7. Göndərməzdən əvvəl düşünün

Bu çox sadədir: mətn, foto və ya video mesaj göndərməzdən əvvəl, bir gün buna görə peşman ola biləcəyiniz haqqında düşünün. “Göndər” düyməsini basandan sonra mesajlarınızın surətlərinin kimlərin əlində olmasının idarəsini itirmiş olursunuz. Əgər məxfi, şəxsi və ya həssas söhbətiniz varsa, ən yaxşısı üzbəüz danışmaqdır.